senetaz

Həsən Əliyev 80 D

07 Sentyabr 2024 2068

Siqaret kötüyü - Uraqan yazır

Siqaret kötüyü - Uraqan yazır

Hava soyuq idi. Buna baxmayaraq yazmağa davam edirdi. Yazdıqca damağındakı siqaretdən bir qullab alır, acı tüstünü ciyərlərinə çəkirdi. Beləcə, ruhu aram tapır, beyni dincəlirdi. Ola bilsin, bu zəhrimara görə gələcəkdə xəstəlik tapacaqdı. Eybi yox, buna da razı idi.

Siqaretdən yenə bir qullab aldı, bu dəfə tüstünü ciyərlərinə çəkmədi, havaya buraxdı. Axı niyə çəkirdi bu zəhrimarı, onu nə vadar edirdi çəkməyə, ya da ki, niyə başlamışdı siqaretə? Dönüb keçmişinə baxdı. İndiyədək addımladığı yollara... Bəzən bu yollar həddən artıq kələ-kötür olurdu. Bəzən də yollarda azıb qalmış, hara gedəcəyini bilməmişdi. Növbəti tüstü ilə birlikdə beynindəki bu yollar dağılmağa başladı.

Soyuq da bir tərəfdən onu dəli edirdi. Barmaqlarının ucuna kimi donsa da, bir əlində qələm, bir əlində siqaret yazmaqdan və çəkməkdən yorulmurdu. Görəsən, beynində hansı düşüncələr vardı? Görəsən, ona düşünmək lazım idi, yoxsa düşünməmək? Bir anlıq düşünmədən durmaq, həsrətin nə olduğunu hər dəfə özündən uzaqlaşdıqca bilmək...

Artıq siqareti də bitmək üzrə idi. Köz kötüyə doğru yaxınlaşırdı. Siqareti damağından götürüb əllərini isitməyə başladı. Görəsən, hansı daha çox isidirdi? Tüstünü içinə çəkmək, yoxsa közü barmaqlarına yaxınlaşdırmaq?

Bərk əsən küləklə birlikdə fikirlərdən ayıldı. Tez ovucunun içinə bir də baxdı. Artıq siqareti bitmiş, əlində isə sadəcə kötüyü qalmışdı. Siqareti bitsə də, əlindəki qələm mürəkkəbi hələ də axmağa davam edirdi. Ona lazım olan hansı idi? Siqareti, fikirləri, yoxsa qara qələmi?

Düşündü: "Bəlkə, biz də qələmdən ağ vərəqə axan mürəkkəbtək kiminsə siqaret tüstüsündən çıxan fikirləri idik".

Əlindəki siqaret kötüyünə yaxşı-yaxşı baxdı. Özü də yaxşı bilirdi ki, onun siqaret kötüyü axan qara qələmindən ibarətdir. Simasından xoş bir təbəssüm keçdi. Artıq bədəni və ruhu isinmişdi. Əlindəki qələmi döş cibinə qoyub oturduğu köşkdən çıxdı və harasa getdi...